İşsizlərin NƏZƏRİNƏ - əmək yarmarkaları keçiriləcək

16.04.2018 16:40

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin 2018-ci il üzrə İş Planına uyğun olaraq, bu il respublikamızın 56 rayon və şəhərində əmək yarmarkalarının keçirilməsi planlaşdırılır.

XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır. Belə ki, yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq. Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

O, qeyd edib ki, Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin Birjaların iştirakı da təmin ediləcək: " Cari il ərzində həmçinin ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub".

Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.

© xezerxeber.az

FOTOQALERIYA






115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR