“Heç kim qardaşlığımıza zərər yetirə bilməz” - Binəli Yıldırım

14.03.2018 17:29

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XəzərXəbər xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin eyni tarixi, mədəni, dini, mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini deyib. Parlamentlərarası əlaqələrimiz də durmadan inkişaf edir, qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər.

Milli Məclisin sədri deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir. İndiyədək iki ölkə arasında 210-dan çox sənəd imzalanıb. Bütün bunlar dövlətlərarası münasibətlərə müsbət təsir göstərən amillərdir.

Baş nazir Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrindən danışıb. O qeyd edib ki, Azərbaycanla Türkiyə qlobal layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP layihələri buna parlaq misaldır. Azərbaycanı və Türkiyəni sağlam təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim dostluğumuza, qardaşlığımıza zərər yetirə bilməz.

© xezerxeber.az


370 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR