“Azərbaycan regionun nəqliyyat mərkəzinə çevrilib” – Prezident

13.02.2018 18:23

"Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib. Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrin iştirakı ilə mühüm beynəlxalq tədbirlər keçirilir. Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub”.

XəzərXəbər xəbər verir ki bunu prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib. Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən Prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirdi. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlətimizin başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirdi.

Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən Prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğuladı. Bildirdi ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. Bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.

Azərbaycanda enerji sektorunun uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu sahədə ölkəmizin qlobal layihələr həyata keçirdiyini, bu baxımdan "Cənub Qaz Dəhlizi” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu layihənin təşəbbüskarı, həmçinin lideridir və bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü olacaq. "Azərbaycanın enerji layihələri təkcə "Şahdəniz-2” ilə məhdudlaşmır”, - deyən Prezident İlham Əliyev yeni yataqlar üzrə dünyanın bir sıra aparıcı şirkətləri ilə danışıqların aktiv fazaya daxil olduğunu diqqətə çatdırdı. Bununla da Azərbaycanda neft və təbii qaz hasilatının sabit qalacağını və gələcəkdə daha da artacağını vurğuladı.

"Azəri-Çıraq-Günəşli” yataqlarının istismarını nəzərdə tutan müqavilənin müddətinin 2050-ci ilə qədər uzadılmasının əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, bundan sonra ən azı 30 il müddətində Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə bu nəhəng yataqların birgə işlənilməsini həyata keçirəcəyini göstərir. Bütün bunlar isə əhalinin rifah halının yaxşılaşdırılmasına, ölkə iqtisadiyyatının güclənməsinə və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Prezident İlham Əliyev peşə hazırlığının Azərbaycanda təhsilin mühüm istiqamətlərindən olduğunu deyərək ümumilikdə təhsil sisteminin ölkədə ən mühüm prioritetlərdən birinə çevrildiyini vurğuladı. Azərbaycanda savadlılıq səviyyəsinin demək olar ki, 100 faiz olduğunu deyən dövlətimizin başçısı bunun ölkənin inkişafı üçün bir təməl olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə iqtisadi, sənaye və digər sahələrdə böyük nailiyyətlərin əldə edildiyi bir dövrdə peşə hazırlığı heç vaxt olmadığı qədər önəm kəsb edir. Bu baxımdan Azərbaycan peşə hazırlığı sahəsində əməkdaşlığın həyata keçirilməsini dəstəkləyir və bununla bağlı müvafiq qurumlar arasında əlaqələndirmənin həyata keçirilməsi vacibdir. Bu baxımdan Azərbaycanın bir sıra ölkələrlə beynəlxalq əməkdaşlıq həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə etdi. Ölkədə iqtisadi, o cümlədən enerji, infrastruktur, xidmət, turizm sahələrinin və digər sahələrin inkişafının ixtisaslı kadrların yetişdirilməsini və texniki heyətin hazırlanmasını zəruri etdiyini bildirdi.

© xezerxeber.az


269 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR