Çexiya qəzeti Azərbaycan səfirinin ölkəmizlə bağlı qərəzli yazılara cavab məqaləsini dərc edib

13.11.2017 15:25

Çexiyanın "Mlada Fronta Dnes” qəzetində Azərbaycanla bağlı iftira xarakterli yazılar dərc edilib və heç bir dəlil gətirilmədən Çexiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının adı "korrupsiya halları”nda qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu qarayaxma kampaniyasına cavab olaraq, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin "Mlada Fronta Dnes” qəzetində cavab yazısı və əlavə olaraq qəzet tərəfindən müvafiq təkzib dərc edilib.

Səfir Fərid Şəfiyevin yazısında heç bir dəlil göstərilmədən çex siyasətçilərinə guya rüşvət verilməsi ilə bağlı böhtan xarakterli iddialara qəti etiraz edilir. Bu iddianın müəlliflərinin "Transparency International” təşkilatının Çexiya bölməsinin direktoruna istinad etdikləri, lakin bu təşkilatın da korrupsiya ilə bağlı hər hansı sübuta malik olmadığını açıq şəkildə qeyd etmələrinə diqqət çəkilir. Beləliklə, məqalə müəlliflərinin dəlil gətirmək əvəzinə spekulyasiya ilə məşğul olduqları qeyd edilir, Azərbaycanın Çexiya və ya digər ölkələrdə hər hansı qeyri-qanuni fəaliyyətə cəlb edilmədiyi bildirilir. Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin əleyhinə aparılan kampaniyanın utancverici olduğu qeyd olunur.

Məqalədə Azərbaycanın Çexiya ilə əməkdaşlıq etdiyi, iki ölkənin vacib tərəfdaşlar olduğu, Çexiyanın enerji ehtiyaclarının 40 faizinin Azərbaycan tərəfindən təmin olunduğu, lakin Çexiyada bu barədə az adamın məlumatlı olduğu vurğulanır. Bundan başqa, Çexiya şirkətlərinin Azərbaycanda irihəcmli müqavilələr imzaladığı bildirilir, bunların sırasında neft və kimya, maşınqayırma və yol-tikinti sahələrinin olduğu qeyd edilir.

Müəllif, həmçinin Azərbaycanın Çexiyanın enerji təhlükəsizliyindəki roluna, TANAP qaz kəmərinin tikintisinə, bu layihənin tranzit yollarının şaxələndirilməsində ölkəmizin roluna və Aİ ilə əməkdaşlığına diqqət çəkir. Bundan başqa, Əfqanıstanda sülhün bərqərar edilməsində və beynəlxalq terrorçuluğa qarşı mübarizədə Çexiya və Azərbaycanın birgə məqsədinin olduğu vurğulanır.

"Mlada Fronta Dnes” qəzetində dərc edilən təkzib xarakterli yazıda bildirilir ki, qəzetin 18 oktyabr tarixli məqaləsində Çexiyada fəaliyyət göstərən iş adamı Əli Əsgərov haqqında yer almış məlumat doğru deyil.

© xezerxeber.az


44 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR