"AŞPA-da Azərbaycanla bağlı qəbul edilən məruzələr lobbinin təsiri altında hazırlanıb"

13.10.2017 09:48

Azərbaycanla bağlı qəbul edilən məruzələri qərəzli hesab edirik. Bu məruzələr ölkədəki inkişafı özündə əks etdirmir. Son dövrlərdə AŞPA-da bəzi ölkələrə, xüsusilə də Türkiyə, Azərbaycan və Rusiyaya qarşı qərəzli mövqe var.

Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyə nümayəndə heyətinin rəhbəri, AŞPA Bürosunun üzvü Talib Küçükcan söyləyib.

Türkiyə nümayəndə heyətinin rəhbəri bildirib ki, bu ölkələrlə bağlı müzakirələrdə onların inkişafı nəzərə alınmır. Hər bir ölkənin öz tarixi, siyasi gerçəkliyi var: "Təəssüf ki, AŞPA-da bütün bunlara diqqət yetirilmir. Yuxarıda adlarını çəkdiyim ölkələri avtoritar, insan haqlarının olmadığı ölkələr kimi qələmə verirlər. Amma digər tərəfdən Avropada ortaya çıxan millətçilik, islamafobiya kimi halların artmasına səslərini çıxarmırlar. AŞPA-da ikili yanaşma görürük. Bəzi ölkələr qorunur, onlarla bağlı müsbət məruzələr hazırlanır, bəziləri isə Azərbaycan kimi hücuma məruz qalır. Azərbaycanla bağlı iki məruzə qəbul olundu. Türkiyə nümayəndəliyi olaraq hər iki məruzənin əleyhinə səs verdik. Ancaq təəssüf olsun ki, assambleyada Azərbaycana qarşı lobbi formalaşıb. Həm də güclü və təsirli lobbi”.

AŞPA-nın büro üzvü bildirib ki, məruzələrin ilkin versiyası Parisdə komitə iclasında qəbul olundu, çox müsbət məruzə idi. Ölkədəki vəziyyəti təsvir edir, eyni zamanda, qarşıda duran məsələləri də xatırladırdı. Heç bir ölkədə demokratiya mükəmməl deyil, çatışmazlıqlar ola bilər. Avropa Şurasına üzv olmaqda məqsədimiz məhz bu çatışmazlıqlarla bağlı birgə müzakirələr aparmaq, AŞPA-nın məsləhətlərini gözdən keçirmək və bunları ölkəmizdə tətbiq etməkdir. Üzv dövlətlərin heç biri, hətta İngiltərə, Almaniya, Fransa mükəmməl demokratiyaya malik deyil. AŞPA-ya gəlməkdə məqsədimiz problemlərimizi səmərəli şəkildə müzakirə etmək və həllini tapmaq olub.

"Parisdə qurumun komitə iclasında baxılan məruzə çox müsbət və yaxşı məruzə idi. Görülmüş işlərdən bəhs edilir, görüləcək işlərə toxunulurdu. Ancaq təəssüf olsun ki, AŞPA-dakı səsverməyə qədər arxasında erməni lobbisi dayanan bir qrup tərəfindən edilən düzəlişlərlə həmin məruzə tamamilə dəyişdirildi və Azərbaycan əleyhinə çevrildi. Bu, qəbuledilməzdir”, - deyə o qeyd edib.

Talib Küçükcan deyib ki, AŞPA-da Türkiyə və Azərbaycan nümayəndə heyətləri qarşılıqlı anlaşma – iki dövlət, bir millət anlayışı ilə çalışır. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər. Bizim nümayəndələr Azərbaycana bundan sonra da dəstək verməyə davam edəcəklər.

Avropa qəzetlər konsorsiumu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat layihəsi (OCCRP) tərəfindən Azərbaycana qarşı olan iddialar çox ciddi böhtandır. İndiyədək çox belə iddialar qaldırılıb, amma onları sübut edən dəlillər olmayıb. Bu iddialar müxtəlif qəzetlərdə dərc olundu. Biz bu iddiaların arxasında kimlərin dayandığını yaxşı bilirik.

"Əgər Avropa Azərbaycana qarşı bu iddiaları ortaya atırsa, deməli özünə qarşı da iddia qaldırır. Çünki "Azərbaycan pulla satın alıb” demək, eyni zamanda, "Avropalı siyasətçilər, jurnalistlər də pula öz etibarlarını, mövqelərini satanlardır” deməkdir. Mənim təəssüf etdiyim odur ki, OCCRP-nin və digər mətbuat orqanlarının ortaya atdığı iddialara bir nəfər də olsun Avropa siyasətçisi reaksiya vermədi. Bu, Avropa üçün bir fəlakətdir. Bu, avropalıların özlərinə qarşı da həqarətdir. Avropanın bu böhtan və qərəz dolu iddialara səssiz qalması bizdə təəssüf doğurur. Əslində bu iddialar ortaya atılan kimi Avropadan "bu iddialar doğru deyil, ciddi qəbul etmirik, bu iddiaları ortaya atanların əsas məqsədi Avropa ilə Azərbaycanın münasibətlərini korlamaqdır” deyə etirazlar gəlməli idi. Lakin bu, baş vermədi.

AŞPA ilə Azərbaycan arasında münasibətlər enişli-yoxuşlu mərhələlərdən keçib. Hazırda bu münasibətlərin yaxşı olduğunu deyə bilmərik. Çünki burada bir qrupun Azərbaycan, Türkiyə ilə və başqa ölkələrlə bağlı həm müsbət, həm də mənfi qərarları olub. Biz əslində ölkələrimizdə olan müsbət və mənfi proseslərin sərbəst şəkildə müzakirə edə biləcəyimiz bir AŞPA-nın formalaşmasını arzu edirik. Lakin təəssüflər olsun ki, bu gün AŞPA qərəzli fikirlərin əsiri olub. AŞPA-nın 300-dən çox deputatı olduğu halda, 50-60 nəfər burada yığışıb bir qərar qəbul edir, Azərbaycan ittiham olunur. Buna görə də biz təşkilatın gələcəyindən narahatıq. Hazırda AŞPA daxilində siyasi qruplar arasında da mübarizə gedir. Burada çıxarılan qərarlar artıq dövlətlər tərəfindən ciddi qəbul olunmur. Dolayısı ilə Azərbaycanda da, Türkiyədə də bu qurumun qərarları, buradakı bir neçə radikal deputatın dediyi sözlər ciddi qəbul olunmamalıdır. Bu təşkilatın rəhbərliyi qurumun gələcəyi barədə ciddi fikirləşməlidir”, - deyə büro üzvü qeyd edib.

T.Küçükcan bildirib ki, Azərbaycan da, Türkiyə də burada gücü və təsiri olan, öz sözünü deməyi bacaran ölkələrdir. Ona görə də AŞPA-da olmağa davam etməli, sözümüzü hər zaman deməliyik, masadan ilk qalxan biz olmamalıyıq.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR