Oqtay Əsədov Minskdə görüşlər keçirib

12.10.2017 14:16

Belarusda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Minskdə bir sıra görüşlər keçirib.

Milli Məclisin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, görüşlərdən biri Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə olub.

Şura sədri bildirib ki, Belarus Azərbaycan ilə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına xüsusi önəm verir.

Belarusla Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açan Mixail Myasnikoviç deyib ki, ölkələrimiz dövlət müstəqilliklərini bərpa etdikdən sonra ikitərəfli münasibətlər strateji müttəfiqlik müstəvisinə qədəm qoyub.

O, qeyd edib ki, hazırda Belarusda Azərbaycanın 58 şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə Belarusun 70-ə yaxın müxtəlif fəaliyyətli şirkəti mövcuddur.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur.

MM sədri qeyd edib ki, Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var:

"Biz həmişə dost kimi bir-birimizi dəstəkləmişik. Beynəlxalq təşkilatlarda hər iki ölkənin sıx əməkdaşlığı mövcuddur. Düşünürəm ki, bu əməkdaşlıq daha da inkişaf və yeni formatda davam etdirilməlidir. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq da yüksək səviyyədədir. Bu sahədə əməkdaşlıq daha da inkişaf etdirilir".

O, Əsədov vurğulayıb ki, regional parlament qurumları yaradılmalıdır və bu istiqamətdə Azərbaycan və Belarus parlamentləri birgə çalışa bilərlər.

Belarusun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayan spiker əlavə edib ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisə zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Digər görüş Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə olub. Görüş zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, maşınqayırma, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində əlaqələrin dərinləşməsi barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk traktor zavodunun fəaliyyəti ilə tanış olub. Zavodla tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti müəssisənin rəhbərliyi ilə görüşüb. Görüşdə qeyd olunub ki, Minsk traktor zavodu bu il ərzində Azərbaycana əlavə olaraq 460 texnika göndərmək niyyətindədir. Diqqətə çatdırılıb ki, müəssisə Gəncə avtomobil zavodu ilə birgə yığdığı traktorların Türkiyə bazarına çıxarılmasını planlaşdırır.

Nümayəndə heyətinin Minskə səfəri davam edir.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR