Prezident Böyük Britaniyanın dövlət naziri ilə görüşdü

14.09.2017 14:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.

XəzərXəbər xəbər verir ki, Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib. Dövlət başçısı Tereza Meyin ölkələrimizin münasibətləri haqqında dediyi xoş sözlərdən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Böyük Britaniyanın mərasimdə yüksək səviyyədə təmsil edilməsinin Birləşmiş Krallıq hökumətinin bu tədbirə verdiyi böyük önəmin göstəricisi olduğunu bildirib. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlət başçısı onu yeni əsrin müqaviləsi adlandırıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğulayıb.

Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini dedi. "Azərbaycan və Böyük Britaniya etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir”, - deyən Alan Dunkan ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Böyük Britaniyanın dövlət naziri "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını tarixi hadisə adlandıraraq qeyd etdi ki, bu, ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edəcək.

Söhbət zamanı ölkələrimiz arasında viza rejiminin qarşılıqlı surətdə sadələşdirilməsinin əhəmiyyəti qeyd olunub.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR