Vyetnam Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından faydalana bilər - Nazir

13.09.2017 11:59

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Fam Binh Minhlə görüşüb.
Xarici İşlər Nazirliyindən xezerxeber.az-a bildirilib ki, səfərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyev də iştirak edir. Nazirlər Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə dair hər iki dövlətin başçıları tərəfindən ünvanlanmış təbrik məktublarını təqdim ediblər.
Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilməsi üçün çoxsaylı imkanlar olduğunu və bu kimi imkanların üzə çıxarılması və yeni əməkdaşlıq sahələrinin araşdırılması məqsədilə qarşılıqlı biznes forumların keçirilməsinin faydalı olduğunu deyib. Bu xüsusda, 2015-ci ildə yaradılmış Vyetnam və Azərbaycan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın rolunu xüsusi vurğulayıb.
Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən E. Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb.
Azərbaycanlı nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb.
Fam Binh Minh iki dövlət arasında siyasi dialoqun iqtisadi sahədə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirib. Azərbaycanın uğurlu enerji siyasətindən bəhrələnərək, bu sahədə əməkdaşlığın intensivləşdirilməsini təklif edib.
Vyetnamlı nazir nəqliyyat-logistika sahəsində əməkdaşlığı iki ölkənin əlaqələrinin inkişafında yeni səhifə ola biləcəyini deyib. O, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunaraq, Vyetnamın neft sahəsində Azərbaycanda təhsil almış mütəxəssislərin çalışdığını xatırlatdı, eləcə də Vyetnamın Veso Petrol şirkətinin yaradılmasında azərbaycanlı neftçilərin xüsusi rol oynadığını bildirib.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

© xezerxeber.az

FOTOQALERIYA






47 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR