Prezident iki səfirin etimadnaməsini qəbul edib - YENİLƏNDİ

12.09.2017 13:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyinin etimadnaməsini qəbul edib.

XəzərXəbər xəbər verir ki, səfir Viktor Szederkenyi fəxri qarovul dəstəsinin qarşısından keçdi. Viktor Szederkenyi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu dedi. Macarıstanın Azərbaycan üçün çox cəlbedici ölkə olduğunu deyən dövlətimiz başçısı qarşılıqlı səfərlərin getdikcə artdığını məmnunluqla vurğuladı. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə müntəzəm görüşlərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, Macarıstan Azərbaycan üçün təkcə Avropada deyil, dünyada ən yaxın dost və tərəfdaş ölkələrdən biridir.



İqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğuladı. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, investisiya, nəqliyyat və enerji, əczaçılıq, kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var. Humanitar və mədəniyyət sahələrində də əməkdaşlığın uğurla davam etdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimizdə artıq bir sıra qarşılıqlı mühüm mədəni tədbirlər keçirilib ki, bu da xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişaf etdirilməsi işinə xidmət edir.



Səfir Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, Baş nazir Azərbaycan Prezidenti ilə şəxsi dostluq əlaqələrini yüksək qiymətləndirir. O bildirdi ki, bu əlaqələr bir səfir kimi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi ilə bağlı mənim gələcək fəaliyyətimə istiqamət verir. Macarıstanlı diplomat iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün çox böyük imkanların olduğunu bildirdi. Sonra səfir dedi: "Mən sizin gözəl ölkənizdə səfir kimi fəaliyyət göstərməyimdən həddindən artıq məmnunluq hissi keçirirəm. Sizin ölkəniz, xalqınız, mədəniyyətiniz haqqında daha çox bilgi əldə etmək əzmindəyəm”.



Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin və Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədin hazırlanmasının önəmi qeyd olundu və əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevin etimadnaməsini qəbul edib. Səfir Rustam Soliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Rustam Soliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.



Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi və qeyd etdi ki, Tacikistan Prezidenti ilə keçirdiyi görüşlər zamanı əməkdaşlığımızın daha da genişlənməsi ilə bağlı səmərəli müzakirələr aparılıb. İqtisadi əlaqələrimizə toxunan dövlətimizin başçısı ölkələrimizin nəqliyyat sistemləri və müxtəlif istiqamətlərdə yük daşımaları ilə bağlı yeni imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı dedi ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.



Azərbaycan Respublikasında səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda dövlətimizin başçısı ilə görüşmək arzusunu Prezident İlham Əliyevə çatdırdı. Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin bu il qeyd olunacağını deyən səfir ikitərəfli dostluq münasibətlərimizin əsasının ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Səfir qeyd etdi ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir və ölkələrimiz BMT, ATƏT, MDB çərçivəsində sıx əməkdaşlıq həyata keçirir.



Görüşdə ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş etdi.

© xezerxeber.az


46 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR