Bakı sakinlərinə xəbərdarlıq: 18:00-dan sonra çalışın küçəyə çıxmayın

08.08.2017 16:25

Bakıda küçələrin dar olması, hündürmərtəbəli binaların tikilməsi və avtomobillərin sayının artması paytaxtda havanın sürətlə çirklənməsinin əsas səbəbləridir.
Bu barədə sputnik-ə müsahibəsində ekoloq Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, hər il dünyada təxminən 3 milyona yaxın insan atmosferi bürüyən zəhərli qazlardan dünyasını dəyişir.

"Havanın çirklənməsi bakteriyalar, mikroblar, müxtəlif zərərli qazlar, toz və digər amillərlə bağlıdır", - Vaqif Əliyev bildirib.

Terapevt Məlahət Abbasova isə bildirir ki, çirkli hava insanda astmaya, ürək çatışmazlığına, nəfəs yollarındakı xroniki xəstəliklərə səbəb olur. Bundan başqa, çirkli hava insanların aqressivləşməsinə də səbəb olur.

Məlahət Abbasovanın sözlərinə görə, havanın çirklənmə səviyyəsi ən çox 18:00-dan gecə yarısına qədər olan vaxtda daha yüksək olur.

"İnsanlara, xüsusilə də ürək xəstəliyindən əziyyət çəkənlərə, Tənəffüs orqanlarında problemi olanlara bu saatlarda evdən çölə çıxmamaq məsləhət görülür. Kirli hava daha çox qadın, qoca və uşaqlara təsir edir", - terapevt bildirib.

© xezerxeber.az


1896 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR