Xəzər Xəbər

Masallıda yenidən qurulan yol istifadəyə verilib

Gündəm | 12:33 • 18 Sentyabr 2018
Masallıda yenidən qurulan yol istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.

XəzərXəbər xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır ki, bu istiqamətdə də ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycanda son dövrlərdə yol infrastrukturunda baş verən əsaslı dəyişikliklərin nəticəsini hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır.

Xəbər lenti