Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nın mətbuat mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda
gətirildikdən sonra mərasim açıq elan edilib. Azərbaycan Sərhəd
Mühadizəsinin 99-cu ildönümü ərəfəsində keçirilən və dövlət himninin
səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ulu öndər Heydər Əliyevin
dövlət sərhədlərinin qorunması, Azərbaycan sərhəd mühafizəsinin
formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələlərinə böyük önəm
verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd
mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd
edib.
Dövlət Sərhəd Xidmətinin
rəisi Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədləri şərəflə
qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda
daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına
əminliyini bildirib, onlara müvəffəqiyyətlər arzulayıb. O, ümummilli
lider Heydər Əliyevin
hakimiyyətə qayıdışının – Milli Qurtuluş gününün 25-ci il dönümü
ərəfəsində 2 min metr uzunluğunda dövlət bayrağımızı 2 mindən artıq
sərhədçinin çiyinləri üzərində daşıyaraq "Zəfərə doğru” yürüş etməsini
xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin
Ali Baş Komandalığı altında ən yaxın zamanlarda bu zəfər yürüşünün
zəfər döyüşünə çevriləcəyinə, Vətən sərhədlərinin bütövlüyünün təmin
ediləcəyinə, işğaldan azad ediləcək ərazilərdə şərəf və ləyaqət rəmzi
olan üçrəngli bayrağımızın dalğalanacağına əminliyini ifadə edib.
Çıxış
edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə
minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən
sərhədlərinin keşiyində ayıq-sayıq dayanmalarını arzulayıblar.
Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi
qulluqçulara dövlət təltifləri təqdim olunub. Mərasim gənc əsgərlərin
təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev
əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların
övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl
sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti
tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi
hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirib,
oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri
münasibətilə hər bir valideyni təbrik edib.