Daxili İşlər
Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil
zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində
nəzarətin gücləndirilməsi məqsədilə Tədbirlər Planına uyğun olaraq
paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Səbail, Xətai, Suraxanı, Nərimanov,
eləcə də respublikanın Sumqayıt, Xaçmaz, Lənkəran, Astara şəhər və
rayonlarında reydlər keçiriblər.
DİN-dən XəzərXəbər-ə
verilən xəbərə görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin
271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması
zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü
(su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin
tələblərini pozmuş 31 fiziki və 2 hüquqi şəxs müəyyən edilərək inzibati
məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 27 min
manat təşkil edib.
Ümumilikdə, cari ilin ötən dövrü ərzində
ərazi polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər
nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin
tələblərini pozan 526 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək
inzibati məsuliyyətə cəlb edilib, onlara 65 min manat məbləğində cərimə
tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.