"Azərbaycan NATO-nun bir
çox əməliyyatlarında - K-4-də, İSAF-da iştirak etmişdir. İndi isə
Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir.
Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi
qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir”.
XəzərXəbər-in xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev NATO-nun
baş katibi Yens Stoltenberqlə Brüsseldə mətbuata birgə bəyanatında
deyib. Onun sözlərinə görə, Azərbaycan, həmçinin koalisiya qüvvələri
üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin
edir:
"Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna
töhfə verib və cənab baş katib qeyd etdiyi kimi, Əfqanistanda sülh,
təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi
qulluqçularımızın sayını artıracağıq. 2004-cü ildən bəri Azərbaycan
Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulub və dörd tsikli bitirib.
Beşinci tsikl hazırda icra olunmaqdadır. Bu, həmçinin bizim
əməkdaşlığımızın vacib elementidir.
Prezident bildirib ki, regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, ərazilərimiz erməni
işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır:
"ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin
Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi
bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün
dünya tərəfindən tanınır.
Bu gün biz, həmçinin nəqliyyat
təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Mən cənab baş
katibə məlumat verdim ki, Azərbaycan öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamlayıb. Bu, Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır.
Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun
mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu,
əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda
sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı
davam etdiririk”.