Xəzər Xəbər

Kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında Azərbaycanın rolu yüksək qiymətləndirilib

Gündəm | 12:24 • 9 Oktyabr 2017
Kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında Azərbaycanın rolu yüksək qiymətləndirilib

ABŞ-ın Azərbaycandakı səfirliyinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi İdarəsi (EXBS) Dövlət Gömrük Komitəsinin 12 müstəntiqi, həmçinin 5 hakim və 5 prokuror üçün yayılmanın qarşısının alınması üzrə təlim keçirir.

Xezerxeber.az məlumat verir ki, təlimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Karter Vilbör EXBS-in 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, idarə bu müddətdə təlimlər keçirib, avadanlıq və yardım məqsədilə 26 milyon dollardan çox vəsait xərcləyib. "Bizim ortaq məqsədimiz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasıdır. Təlim ölkələrimizin bu səylərə uzunmüddətli sadiqliyini göstərir. Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında sadiqliyini sübut edən tərəfdaşdır” – deyə o qeyd edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov çıxış edərək bu mövzuda təlimin keçirilməsinin önəmini vurğulayıb. O deyib: "Həm ölkəmiz, həm də cəmiyyətimiz terror hadisələrinin dəhşətli nəticələrini görüblər. Torpaqlarımızın bir hissəsi erməni terrorçuları tərəfindən işğal edilib”.

Komitənin sədr müavini Azərbaycanın kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ABŞ və dünya təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib. O qeyd edib ki, bu təlim ölkənin istintaq orqanları üçün önəm kəsb edir və burada öyrənilən təcrübə gələcək fəaliyyətlərdə tətbiq edəcək.

Təlim ABŞ-ın Daxili Təhlükəsizlik, Ədliyyə və Energetika nazirlikləri, Milli Nüvə Təhlükəsizliyi Administrasiyası və Ukrayna Nüvə Tədqiqatları üzrə İxracata Nəzarət Administrasiyasının nümayəndələri tərəfindən keçirilir.

Təlim oktyabrın 13-dək davam edəcək.

Xəbər lenti