Xəzər Xəbər

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib

Gündəm | 11:13 • 30 Oktyabr 2020
FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.


Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a bildiriblər ki, ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi oktyabrın 30-da səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.


Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – "qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər lenti