Xəzər Xəbər

Hikmət Hacıyev: Azərbaycan Ordusu fəaliyyətini Cenevrə Konvensiyasına uyğun həyata keçirir

Gündəm | 19:34 • 27 Sentyabr 2020
Hikmət Hacıyev: Azərbaycan Ordusu fəaliyyətini Cenevrə Konvensiyasına uyğun həyata keçirir

Azərbaycan Silahlı Qüvvələri fəaliyyətini Cenevrə Konvensiyasına uyğun qaydada həyata keçirir.


Xezerxeber.az xəbər verir ki, bunu sentyabrın 27-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


Hikmət Hacıyev deyib ki, Ermənistan mətbuatında Ermənistan-Azərbaycan sərhədində də toqquşmanın baş verdiyi barədə məlumatlar yayılıb. Bu, yalandır. Hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində baş verir. Əsas məqsəd mülki şəxslərin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etməkdir.


Azərbaycan Prezidentinin köməkçisi deyib ki, artıq bir sıra beynəlxalq təşkilatlar narahatlıqlarını ifadə edir. Vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Hikmət Hacıyev nəzərə çatdırıb ki, bu gün baş verənlər Tovuz hadisələrindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü təxribatçı siyasətinin nəticəsidir. O vurğulayıb ki, eyni zamanda, düşmən tərəfindən kiberhücumlar da təşkil edilir.


Prezidentin köməkçisi qeyd edib ki, bu gün bizim güclü Azərbaycan dövlətimiz, ordumuz var və Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik.

Xəbər lenti