Xəzər Xəbər

Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Gündəm | 16:51 • 22 May 2020
Müdafiə naziri Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.


Xezerxeber.az xəbər verir ki, təbrikdə deyilir: "Milli-mənəvi dəyərlərimiz, dövlətçilik ənənələrimiz tarixin ən sərt dönəmlərində də qorunub saxlanılıb. Xalqımız digər milli, dini bayramlar kimi müqəddəs Ramazan bayramını da həmişə böyük istək və sevgi ilə qeyd edir. Xeyirxah əməllər naminə birliyə, qardaşlıq və bərabərliyə çağıran, mənəvi saflığa, dostluğa, həmrəyliyə söykənən, ailələrə sevinc, məhəbbət və şadlıq gətirən Ramazan bayramı sülhün, əmin-amanlığın təzahürüdür”.


Qeyd olunub ki, Azərbaycan müstəqilliyinə yenidən nail olduqdan sonra bərpa edilən dövlətçiliyimiz xalqa öz bayramlarını təmtəraqla qeyd etməyə imkan yaratdı. Xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində ölkəmiz ictimai-siyasi böhrandan, xaosdan xilas oldu və respublikamızın hərtərəfli inkişafı istiqamətində dönüş yarandı. Böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan beynəlxalq layihələr Azərbaycanın iqtisadi qüdrətinin yüksəldilməsində mühüm rol oynadı.


"Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyini, sarsılmazlığını, dönməzliyini sübut edən ümummilli lider Heydər Əliyevin prinsipial və dönməz siyasəti ölkənin ordu quruculuğuna da əvəzsiz töhfələr verdi. Müstəqilliyimizin, dövlətçiliyimizin dayağı və qarantı olan müasir Azərbaycan Ordusunun banisi ulu öndər Heydər Əliyevin başladığı ordu quruculuğu siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, nizami ordumuzun hərbi qüdrəti gündən-günə artır.


Bu bayram günlərində şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən döyüşçülərimizi, veteranları təbrik edirəm.


Müqəddəs Ramazan bayramı münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə uğurlar arzulayıram”, - deyə təbrik məktubunda xüsusi vurğulanıb.

Xəbər lenti