Xəzər Xəbər

Yeni avtobuslar gəlir: köhnələr xətdən çıxarılmayacaq - Açıqlama

Gündəm | 18:18 • 15 Oktyabr 2019
Yeni avtobuslar gəlir:

"Ölkə başçısının 8 avqust 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət baxımından qabaqcıl dünya standartlarına bərabərləşdirilməsi, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz istifadəsinin yaradılması üçün avtobus parkının yenilənməsi ilə son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınıb. Həmin avtobusların Bakı şəhərinə gətirilməsi müəyyən mərhələlər əsasında həyata keçirilir. Artıq bu işin başa çatdırılmasının son mərhələsindəyik. Qarşıdakı ayda bu proses tamamilə yekunlaşacaq”.

Bu sözləri Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, yeni gətiriləcək avtobuslar "Baku Bus” MMC-yə məxsus komfortlu, rahat şəraiti olan ictimai nəqliyyatlardır:

"Növbəti il üçün nə qədər avtobusa ehtiyac olduğu öyrənilir. Say müəyyənləşdikdən sonra müvafiq tədbirlər görüləcək”.

Mais Ağayev yeni avtobusların bəzi köhnə avtobusları hərəkətdən kənarlaşdırmayacağını deyib:

"İstifadəyə yararlı, texniki cəhətdən nasaz olmayan, qoyulan tələblərə cavab verən avtobuslar xətdə fəaliyyətini davam etdirəcək. Sərnişindaşımaya uyğun olmayan, yararsız, istismar müddətini başa vurmuş avtobuslar isə xətdən çıxarılacaq.

Vətəndaşlarımızı hansı xətlər üzrə avtobuslar narahat edirsə, o xətlər üzrə yenilənmə olacaq”.

Xəbər lenti