Xəzər Xəbər

DTX-da 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Gündəm | 15:19 • 15 İyun 2019
DTX-da 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib. Bu barədə AZƏRTAC-a DTX-nin mətbuat xidmətindən məlumat verilib.


Bayram münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini təbrik edən general-polkovnik Mədət Quliyev çıxışında bildirib ki, bütün vətənpərvər soydaşlarımızın böyük qürur, iftixar və sevinc hissi ilə qeyd etdiyi, müstəqil dövlət quruculuğu tariximizin şanlı səhifələrindən olan 15 iyun - çağdaş yaddaşda Azərbaycan xalqının taleyini, onun gələcəyini müəyyənləşdirən çox böyük ictimai və siyasi əhəmiyyətə malik bir gündür.


General-polkovnik Mədət Quliyev bildirib ki, ən mürəkkəb və çətin bir dövrdə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən, ölkəni parçalanmaqdan və yenidən əsarət altına düşməkdən xilas etmişdir. Böyük düha sahibi Heydər Əliyev xalqını işıqlı gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru apararaq, respublikanı yeni dünya düzənində söz və mövqe sahibinə çevirməyə nail olub, Azərbaycanın müstəqilliyini əbədi, daimi və dönməz edib.


General-polkovnik Mədət Quliyev diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik idarəçiliyi və beynəlxalq siyasi nüfuzu sayəsində Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və zəfərlərə doğru inamla addımlayır. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, regionun lider dövlətinə çevrilən Azərbaycan Respublikası sürətlə inkişaf edir və gündən-günə daha da qüdrətlənir.


Dövlətimizin başçısının yürütdüyü alternativi olmayan strategiya nəticəsində bu gün respublikada əsl vətəndaş həmrəyliyinə nail olunub, etibarlı təhlükəsizlik sistemi qurulub. Heyrətamiz iqtisadi yüksəliş və dövlət quruculuğunun bütün sahələrinin tərəqqisi, habelə Prezident İlham Əliyevin milli maraqlarla bağlı məsələlərin həllində nümayiş etdirdiyi sarsılmaz iradə və prinsipial mövqe müasir Azərbaycana sabit və etibarlı tərəfdaş kimi böyük nüfuz qazandırır.


General-polkovnik Mədət Quliyev əmin edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan naminə, dövlət mənafelərinin və təhlükəsizliyinin etibarlı qorunması üzrə siyasi xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütün əmr və göstərişlərini bundan sonra da dərhal, şərəflə və vicdanla yerinə yetirəcək.


Qeyd edək ki, DTX-nin bütün struktur bölmələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib.


DTX-nin Heydər Əliyev adına Akademiyasında "15 iyun – Qurtuluşdan böyük zəfərlərə doğru” mövzusunda konfrans təşkil olunub. DTX-nin Mədəniyyət Mərkəzində isə yaradıcı kollektiv tərəfindən hazırlanmış, müstəqilliyi və dövlətçiliyi tərənnüm edən konsert proqramı tamaşaçılarda əsl bayram sevinci yaşadıb.

Xəbər lenti