Xəzər Xəbər

Polad Bülbüloğlu: Türkmənistanın Xalq artisti kimi yüksək ada görə fəxr edirəm

Gündəm | 15:43 • 16 May 2019
Polad Bülbüloğlu: Türkmənistanın Xalq artisti kimi yüksək ada görə fəxr edirəm

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) idarə heyətinin sədri Polad Bülbüloğlu MDB ölkələrinin Yaradıcı və Elmi Ziyalılarının XIV forumundakı çıxışında gənclər siyasəti və təhsil mövzusunu davam etdirib.


AZƏRTAC "Turkmenistan seqodnya” agentliyinə istinadla xəbər verir ki, forumda MDB-nin ali orqanları tərəfindən bu məsələlərə dair 35 sənəd: ali təhsil haqqında diplomların tanınması barədə, pedaqoji işçilərin ixtisasının artırılması haqqında, MDB ölkələrinin əmək bazarlarında tələbat nəzərə alınmaqla mütəxəssislərin ixtisas səviyyəsinin artırılması və yenidənhazırlanması üçün 17 ali məktəbə MDB dövlətlərinin baza təşkilatları statusu verilməsi haqqında və sair sazişlər qəbul edilib.


Polad Bülbüloğlu mədəni əməkdaşlıq sahəsini xüsusi qeyd edərək, bu istiqamətdə ən mühüm layihə və tədbirləri, beynəlxalq və milli aksiyaları göstərib: musiqi, teatr və kino festivalları, birgə sərgilər, müsabiqələr, rəssamlar üçün emalatxanalar, seminarlar, konfranslar və s.


DHƏF rəhbərinin sözlərinə görə, 2007-2018-ci illərdə bu fond 735 çoxtərəfli layihənin həyata keçirilməsinə kömək edib, həmin layihələrdə MDB üzvü olan bütün ölkələrdən, habelə Baltikyanı dövlətlərdən və Gürcüstandan 500 mindən çox adam iştirak edib. 2019-cu il üçün 84 layihə planlaşdırılıb.


Polad Bülbüloğlu DHƏF-in bütün komandasına, bütün əvvəlki və gələcək layihələrin iştirakçılarına, hazırkı forumun təşkilatçılarına və ölkələrimiz üçün dinc humanitar məkan yaradılmasına öz gücünü, biliklərini və bacarıqlarını sərf edən hər kəsə təşəkkürünü bildirib.


Fondun sədri çıxışının sonunda Azərbaycan nümayəndəsi kimi qeyd edib ki, türkmən və Azərbaycan xalqlarını ortaq köklər bağlayır. 2017-ci ildə Türkmənistanın Xalq artisti kimi yüksək ada layiq görülmüş qonaq vurğulayıb ki, biz qədim oğuzların vahid ailəsinə mənsubuq və müxtəlif dialektlərdə olsa da, eyni dildə danışırıq. Türkmən və Azərbaycan xalqları arasında dil yaxınlığı və mədəniyyətlərimizin yaxınlığından əlavə, mental yaxınlıq da var və bu, bizim bir-birimizi sözsüz belə anlamağımıza imkan verir. Məhz bu səbəbdən, bir-birimizin musiqi və poetik irsimizə maraq bu dərəcədə yüksəkdir.


Polad Bülbüloğlu fürsətdən istifadə edərək, ona göstərilmiş etimada görə forumun tribunasından Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova, habelə bütün türkmən xalqına dərin minnətdarlığını bildirib. DHƏF rəhbəri deyib: "Sizin etimadınızı doğrultmağa çalışacağam və bu yüksək adı ömrümün axırına qədər qürurla daşıyacağam”.

Xəbər lenti