Xəzər Xəbər

FHN və Baş Prokurorluq gəmidəki yanğınla bağlı birgə məlumat yayıb

Gündəm | 12:13 • 9 May 2019
FHN və Baş Prokurorluq gəmidəki yanğınla bağlı birgə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq mayın 8-də "Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” qapalı səhmdar cəmiyyətinə məxsus "İsrafil Hüseynov” gəmisində baş vermiş qəza ilə bağlı məlumat yayıb.


Xezerxeber.az xəbər verir ki, məlumatda deyilir ki, borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.


Məlumatda deyilir ki, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.


Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.


Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin "112”, Baş Prokurorluğun 440-78-13 nömrəli "Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.

Xəbər lenti