Xəzər Xəbər

Qələbənin 74-cü ilində Həzi Aslanovun ev-muzeyindən REPORTAJ

Gündəm | 13:11 • 9 May 2019
Qələbənin 74-cü ilində Həzi Aslanovun ev-muzeyindən

Bu gün İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 74 il ötür. Bu qanlı müharibədə 660 mindən çox azərbaycanlı iştirak edib, onların təxminən yarısı döyüşlərdə həlak olub. Döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu qəhrəman oğullarımızdan biri də iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, general-mayor Həzi Aslanovdur.


AZƏRTAC-ın bölgə müxbiri Lənkəranda Həzi Aslanovun ev-muzeyində olub, qəhrəman Vətən övladının keçdiyi şərəfli yola qısa nəzər salıb.


Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində doğulub. 13 yaşında atasını itirən Həzi həmin ildən kərpic zavodunda fəhlə işləyib. İki ildən sonra onu Zaqafqaziya hərbi hazırlıq məktəbində göndərirlər. 1924-30-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovski adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin edilib. Həzi Aslanov o zaman Ukraynada xidmət edirdi. Müharibəni də elə bu ölkədə qarşılayır. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə özünü bacarıqlı zabit kimi göstərir. 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşlərdə qəhrəmanlığına görə "Qırmızı Ulduz” ordeninə layiq görülür. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə onun başçılığı ilə 35-ci tank briqadası düşmənə ağır zərbələr endirir. Aslanovun tankçıları vuruşa-vuruşa 40 kilometrdən artıq yol gedib Stalinqrad Salsk dəmir yolunu tutur, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Polkovnik-leytenant Həzi Aslanov rəhbərlik etdiyi briqada bu döyüşdə düşmənin 30 əks-hücumunu dəf edir, almanların bir batalyon piyada qoşununu, 30 tankını, 50 avtomobilini sıradan çıxarır. Göstərdiyi şücaətə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.


1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli Tank Qoşunları Akademiyasına oxumağa göndərilən Həzi birillik təhsil proqramını 3 aya başa vurur. Sonra yenidən doğma, 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verilir. 1944-cü il iyunun sonlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər. Belarusiyanın iri şəhər və dəmir yollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə istiqamət alır. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirir. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası "Qırmızı bayraq” ordeninə, general özü isə ikinci dərəcəli "Suvorov ordeni”nə layiq görülür. 1944-cü il avqustun 1-də Həzi Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. İgid həmyerlimiz Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdı. İki dəfə "Qırmızı Ulduz”, 3 dəfə "Qırmızı bayraq”, "Aleksandr Nevski”, ikinci dərəcəli "Suvorov ordeni”, 1-ci dərəcəli "Vətən Müharibəsi ordeni” və saysız medallarla təltif edilmişdi.


1945-ci il yanvarın 24-də Həzi Aslanov zabitlərin müşayiəti ilə cəbhə xəttini yoxlayan zaman qəflətən onun durduğu yerdə ardıcıl olaraq mina partlayır. Yaralanmış generalı həkim-sanitar rotasına gətirirlər. Hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, tibb məntəqəsinə gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər. "Bir qədər sonra general özünə gəldi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Səhəri gün artıq vəziyyəti xeyli yaxşılaşmışdı. Qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində biz generalı səhra hospitalına çatdırdıq”, - deyə Beqişvili öz xatirələrində yazır.


Lakin həkimlərin səyinə baxmayaraq, Həzi Aslanovun həyatını xilas etmək mümkün olmur. Almanların tanklarını darmadağın edən Həzi Aslanov erməni məkrinin qurbanına çevrilir. O, 1945-ci il yanvarın 24-də aldığı yaralardan 23 saat sağ qalıb. Onu Moskvaya aparmaq üçün təyyarə göndərilsə də, erməni general Baqramyanın əmri ilə təyyarə işə salınmır. Çoxlu qan itirən həmyerlimiz 35 yaşında həyatla vidalaşır.


Ölümündən 47 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilir. O, bu ada iki dəfə layiq görülən yeganə azərbaycanlıdır. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılıb. 1969-cu ildə Həzinin doğulduğu Lənkəran şəhərində onun ev-muzeyi istifadəyə verilib, 1983-cü il mayın 8-də Lənkəran şəhərinin mərkəzində onun böyük heykəli qoyulub. Bakıdakı küçələrdən və metronun stansiyalarından biri Həzi Aslanovun adını daşıyır. Qələbənin əldə olunmasının 74-cü ildönümündə Həzi Aslanovun bir zamanlar yaşadığı və indi adını daşıdığı ev-muzeyinin 50 yaşı tamam olur. Muzeyin direktoru Həcər Nəsirova hər il minlərlə insanın qəhrəman el oğlumuzun ev-muzeyini ziyarət etdiyi deyir: "Həzi Aslanovun ev-muzeyi 1969-cu ildən fəaliyyət göstərir, muzeyimizdə 2500-ə qədər eksponat var. Bunlardan 450-si əsas fondda saxlanılır. Burada generalın şəxsi əşyaları nümayiş olunur. Hər il muzeyimizi 25-30 min qonaq ziyarət edir. Rusiyadan, Belarusdan bizə çoxlu qonaqlar gəlir”.


Muzeydə generalın şərəfli döyüş və ömür yolunu əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, görkəmli şəxsiyyətlərin Həzi Aslanov haqqında xatirələrindən bəhs edən materiallar toplanıb. Elmi işçi Cəmilə Şərifova gələcək nəsillərin vətənpərvərlik ruhda böyüməsində belə muzeylərin rolu böyük olduğunu deyir: "Mən 25 ildir bu muzeydə işləyirəm. Bilirsiniz ki, Vətənimizin mərd oğlu bir zamanlar bu evdə yaşayıb. Biz hər gün bura gələn şagirdlərə və qonaqlara Həzi Aslanovun keçdiyi şərəfli döyüş yolundan danışıb, onun qəhrəmanlığı haqqında geniş məlumatlar veririk. Burada onun geyimləri, ona aid olan sənədlər qorunub saxlanılır”.


Qeyd edək ki, açıq eyvanlı, 5 otaqdan ibarət muzeydə 2010-cu ildə əsaslı təmir və bərpa işləri aparılıb.

Xəbər lenti