Xəzər Xəbər

Azərbaycan və Argentina XİN rəhbərləri arasında məktub mübadiləsi olub

Gündəm | 14:37 • 8 Noyabr 2018
Azərbaycan və Argentina XİN rəhbərləri arasında məktub mübadiləsi olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Argentina xarici işlər naziri Xorxe Faurie iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazir Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Xorxe Faurieni təbrik edib.


Məktubda Elmar Məmmədyarov 25 il ərzində iki ölkə arasında bir çox istiqamətlər üzrə, xüsusən ikitərəfli siyasi dialoq, iqtisadi və ticari əlaqələr və mədəniyyət sahələrində əməkdaşlığın daim inkişaf etdiyini bildirib.


Azərbaycan və Argentinanın, eyni zamanda, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olunub. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin qəbul olunmasında və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Argentinanın ölkəmizə davamlı dəstəyi xüsusi vurğulanıb.


Sonda nazir Elmar Məmmədyarov mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı üçün birgə səylərin əhəmiyyətini qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə etməyə dəvət edib.


Argentina Respublikasının xarici işlər naziri Xorxe Faurie Elmar Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb. Məktubda 1993-cü il noyabrın 8-də Moskva şəhərində imzalanmış bu Sazişin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsi naminə əhəmiyyəti qeyd olunub.


Məktubda Azərbaycan nümayəndə heyətinin iki ölkə arasında keçirilən 4-cü siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Argentinaya səfəri xüsusilə vurğulanıb.


Sonda Argentina xarici işlər naziri Xorxe Faurie hər iki xalqın rifahı naminə ikitərəfli əlaqələrin inkişafı üçün birgə səylərin artırılacağından əmin olduğunu qeyd edib.

Xəbər lenti