Xəzər Xəbər

Azərbaycanlı deputat: Nüvə təhlükəsizliyi probleminin həlli üçün konkret addımlar atılmalıdır

Gündəm | 14:38 • 11 Oktyabr 2018
Azərbaycanlı deputat: Nüvə təhlükəsizliyi probleminin həlli üçün konkret addımlar atılmalıdır

Dünya 1945-ci ildə Hiroşima və Naqasakidə atom bombalarının törətdiyi fəlakətləri yaşayıb. Minlərlə günahsız insan həyatını itirib, minlərlə insan ağır yaralanıb. Birbaşa və ya dolayı yolla radiasiyaya yoluxan insanların məruz qaldığı xəstəliklər və deformasiyalar qəzadan sonrakı 10 illərlə davam edib. Zamanca yeni baş vermiş Fukuşima və Çernobıl hadisələri bir daha görsətdi ki, bu kimi qəzalar Avropa üçün hansı dərəcədə fəsadlar yarada bilər.


Bu fikirləri AŞPA-nın payız sessiyasında "Avropada nüvə təhlükəsizliyi və əminliyi” adlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev söyləyib.


Deputat qeyd edib ki, eyni zamanda, enerji də önəmli məsələdir. Buna görə də biz daha müasir texnologiyalarla işləyən, idarə oluna bilən Nüvə Elektrik Stansiyası inşa etməliyik.


Son illər ərzində beynəlxalq ictimaiyyət digər ölkələrdə potensial nüvə təhlükələrini görmədən yalnız nəhəng ölkələrlə danışıqlar aparıb. Kiçik ölkələrdəki ciddi nüvə təhlükəsi təkcə qonşu ölkələri deyil, bütün Avropa ölkələrini böyük təhlükə qarşısında qoyur. Bu kiçik və köhnə tikililər heç də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamalıdır.


"Daim inkişafda olan bir dünyada yaşayırıq, bu gün daha təhlükəsiz və müasir stansiyaların inşası başlıca şərtdir. Bu səbəbdən Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının müasir texnoloji standartlara cavab verməsi nəzərə alınmalıdır. Biz istismar müddəti bitmiş nüvə elektrik stansiyalarından istifadəni dayandırmalıyıq, çünki onlar bəşəriyyət üçün çox böyük təhlükə mənbəyidir.


Avropanın nüvə təhlükəsizliyindən danışarkən qeyd etməliyik ki, istismar müddəti bitmiş atom elektrik stansiyalarının istifadəsi su hövzələrinin və transregional çayların radioaktiv çirklənməsinə səbəb ola bilər. Bütün bu proseslər ölkələrimiz arasında lüzumsuz münaqişələrə və anlaşılmazlıqlara səbəb olur, buna görə də nüvə silahına malik və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə məşğul olan istənilən bir ölkə beynəlxalq aləmi təhlükə qarşısında qoyur”, - deyə Naqif Həmzəyev diqqətə çatdırıb.


Deputat vurğulayıb ki, nüvə təhlükəsizliyi probleminin həlli üçün konkret addımlar atılmalıdır. O, Avropanı daha demokratik, məhsuldar və təhlükəsiz yaşayış yeri olaraq qoruyub saxlamağa çağırıb. ()

Xəbər lenti