Xəzər Xəbər

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı necə hesablanır?

Gündəm | 18:11 • 10 Oktyabr 2018
Əvəzetmə ilə işləyən müəllimlərin maaşı necə hesablanır?

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi halda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq, başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər.

Bütün müəssisələrdə olduğu kimi məktəblərdə də müəllimlər müəyyən üzrlü səbəblərdən (xəstəlik, analıq məzuniyyəti və s.) işə gələ bilmədikdə həmin müəllimin yerində əvəzetmə ilə başqa bir müəllim işləyə bilər. Əgər məktəbdə həmin fənni tədris edəcək başqa müəllim varsa( DQ balı uyğundursa və dərs yükü əlavə saat götürməyə imkan verirsə), belə olan halda kənar məktəblərdən müəllimin gəlməsinə ehtiyac qalmır. Əvəzçiliklə (müvəqqəti əvəzetmə) gələn müəllim ya eyni məktəbdən, ya da qonşu məktəblərdən də ola bilər. Əgər müəllimin yeni məktəbdə alacağı dərs yükü əsas iş yerindəki dərsinizə mane olmayacaqsa, bu, mümkündür. Yəni, dərs saatları bir-biri ilə toqquşmamalıdır. İkinci iş yerində əvəzetmə ilə işləyəndə də, təbii ki, DQ(MİQ) balı da nəzərə alınır.

Lazım olan sənədlər barədə isə müraciət etdiyiniz məktəb rəhbərliyindən məlumat ala bilərsiniz.

Bəs əvəzetmə ilə işləyən müəllimlərin maaşı necə hesablanır?

Əvəzetmə ilə işləyən müəllimlərin maaşı hesablanarkən, altıncı və bazar günlər, bir də bayram günləri nəzərə alınmır. Maaş hesablanmasında, müəllimin Diaqnostik Qiymətləndirmədən keçib-keçməməsi müəyyənləşdirilir. Beləki,

DQ-dən keçən müəllimlər üçün: Tarif dərəcəsini 76.2-ə böləndə alınan ədəd aylıq dərs saatlarının sayına vurulur.

DQ-dən keçməyən müəllimlər üçün: Tarif dərəcəsini 50.6-ə böləndə alınan ədəd aylıq dərs saatlarının sayına vurulur.

Tarif dərəcəsi – həftəlik 18 saat nəzərə alınmaqla hesablanan aylıq ödəniş.

Aylıq vəzifə maaşı isə müəllimlərin stajına görə dəyişir.

Ali təhsilli müəllimlər

  • İş stajı 3 ildən az olanlar - 350 (manatla)
  • İş stajı 3 ildən 8 ilədək olanlar - 375
  • İş stajı 8 ildən 13 ilədək olanlar - 395
  • İş stajı 13 ildən 18 ilədək olanlar - 420
  • İş stajı 18 il və daha çox olanlar - 450

Orta ixtisas təhsilli müəllimlər

  • İş stajı 3 ildən az olanlar - 320 (manatla)
  • İş stajı 3 ildən 8 ilədək olanlar - 335
  • İş stajı 8 ildən 13 ilədək olanlar - 350
  • İş stajı 13 ildən 18 ilədək olanlar - 370
  • İş stajı 18 il və daha çox olanlar - 385

Nümunə: Müəllim ali təhsillidir, 5 il iş stajına malikdir və Diaqnostik Qiymətləndirmədən keçib. Müəllimə əvəzetmə ilə 6 saat dərs yükü ayrılıb. Belə olan halda, müəllimin maaşını hesablamaq üçün onun aylıq vəzifə maaşı (375) 76.2-ə bölünərək həftəlik dərs saatlarının cəminə (24) vurulur.

375/76.2*24 = 118

Beləliklə, əvəzçiliklə işləyən müəllimin aylıq maaşı 118 manat təşkil edir.

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə Əmək Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulan bir sıra hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

Xəbər lenti

Çox oxunanlar