ABŞ və onun müttəfiqləri Xəzərin hüquqi statusuna dair danışıqların gedişinə dəfələrlə təsir etməyə çalışıblar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi
tapşırıqlar üzrə səfiri İqor Bratçikov "Kommersant” qəzetinə
müsahibəsində 12 avqustda Qazaxıstanın Aktau şəhərində sahilyanı dövlət başçıları tərəfindən imzalanan Xəzər
dənizinin hüquqi statusuna dair Konvensiya ilə bağlı Yelena Çernenkonun
suallarını cavablandırarkən deyib. Bildirib ki, regiondan kənar
oyunçuların pozucu cəhdləri danışıqların aparıldığı son 20 il ərzində,
hətta Konvensiyanın imzalandığı anadək davam edib.
"Regiondan, hətta Avrasiya materikindən xeyli uzaqda olan ölkələr, o cümlədən ABŞ Xəzər
dənizindəki maraqlarını reallaşdırmaq istəyib. Lakin qarşılıqlı
razılaşma üzrə sahilyanı dövlətlər danışıqları məxfi rejimdə aparıblar
və bilərəkdən bir-birimizin mövqeyini KİV-də
şərh etməkdən qaçmışıq. Nəticədə gördük ki, bu cür təcrübə özünü
doğrultdu. Açığı desəm, düşünmürəm ki, indi həmin məxfi müzakirələrin
bütün detallarını açmaq lazımdır. Əsas odur ki, biz "Xəzər tənliyini” ortaq məxrəcə çıxara bildik”,- deyə Bratçikov vurğulayıb.
Onun sözlərinə görə, Konvensiyada xüsusilə qeyd olunub ki, Xəzər
dənizində regiondan kənar güclərin silahlı qüvvələrinin iştirakına
icazə verilməyəcək. Yalnız 5 sahilyanı dövlət – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan Xəzərdə
təhlükəsizliyin qorunmasına və dənizin resurslarından istifadəyə
cavabdehdir. Bu mənada, Bratçikov ümid edib ki, tərəflər bu cür vacib
müddəaların yer aldığı Konvensiyanın ratifikasiyasını
gecikdirməyəcəklər.
"Zənnimcə, heç kəs ratifikasiya prosesini
süni şəkildə uzatmayacaq. Konvensiya balanslı və bərabərhüquqlu
sənəddir. O, bütün sahilyanı ölkələrin milli maraqlarını tam şəkildə
nəzərə alır. Konvensiyanın tezliklə qüvvəyə minməsi bütün tərəflərin
tələblərinə cavab verir”, – deyə rusiyalı diplomat bildirib.
Lakin Bratçikov, ayrı-ayrı Xəzəryanı
ölkələrdə keçiriləcək seçkilərin Konvensiyanın ratifikasiya proseduruna
birbaşa təsir edə biləcəyini də istisna etməyib. Xüsusən də, İranda bəzi siyasi qüvvələrin Konvensiyanın qəbuluna etiraz etməsinə diqqət çəkən Bratçikov Xəzərin hüquqi statusuna dair Konvensiyanın seçki mübarizələrinin əsiri olmayacağına ümid edib.
Bratçikov
onu da vurğulayıb ki, Rusiyanın dənizin dibi ilə hansısa transxəzər
boru kəmərləri, yaxud magistral kəmərlər çəkmək planı yoxdur. /azvision.az