Xəzər Xəbər

Bakıda "Mülkiyyət hüququ" mövzusunda konfrans keçirilir - FOTO

Gündəm | 11:16 • 14 Sentyabr 2018
Bakıda "Mülkiyyət hüququ" mövzusunda konfrans keçirilir -

Sentyabrın 14-də Bakıda Avropa İttifaqının və Avropa Şurasının "Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi” birgə proqramı çərçivəsində "Mülkiyyət hüququ” mövzusunda konfrans işə başlayıb.


Tədbirdə çıxış edən Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri Zoltan Hernyes bu layihənin 2015-ci ilin yanvarında başladığını və 2018-ci ilədək uzadıldığını deyib. Bildirib ki, bugünkü tədbir çox mühüm bir məsələyə - mülkiyyət hüququnun müdafiəsinə həsr olunub. O, tədbirin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan müvafiq qurumlarına minnətdarlıq edib.


Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev konfransda çıxış edərək deyib ki, Azərbaycan ardıcıl olaraq insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşularaq onların müddəalarının milli səviyyədə implementasiyasını təmin edib. Avropa Şurasına daxil olmaqla respublikamız insan hüquqlarına hörmətə sadiqliyini bir daha nümayiş etdirdi. Hazırda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin hüquq sisteminin insan hüquqları sahəsinin inteqrasiyasını təmin edən ədalət mühakiməsi orqanıdır. Avropa Məhkəməsinin qərarları milli qanunverici, icra və məhkəmə orqanları üçün hüququn xüsusi mənbəyinə çevrilib, məhkəmə Avropa hüquq məkanının formalaşması və inkişafına mühüm təsir göstərir.


Ramiz Rzayev bildirib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının təmini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması ilə bağlıdır.


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, Avropa Məhkəməsinin presedent qərarlarının ölkəmizin məhkəmə-hüquq sistemində təşviqi hər zaman həm dövlətin, həm də hüquq ictimaiyyətinin diqqət mərkəzində olub. Hətta bu qərarların müxtəlif sahələrdə çalışan hüquqşünaslar tərəfindən öyrənilməsini təşviq edən, dövlət səviyyəsində qəbul olunmuş sənədlər də mövcuddur. Bu mənada, sevindirici hal ondan ibarətdir ki, vəkillərimiz də Avropa Məhkəməsinin qeyd olunan presedent praktikasının formalaşmasında öz yerini tutur. Dolayı yolla Vəkillər Kollegiyasının üzvləri iştirak etdikləri işlər vasitəsilə ölkəmizdə məhkəmə-hüquq praktikasının formalaşmasına öz təsirini göstərir.


Diqqətə çatdırılıb ki, bu il ərzində ölkəmizdə vəkillərin sayı 50 faiz artaraq 1500 nəfər çatıb. Bu il ilk dəfə olaraq vəkilliyə qəbul üzrə icbari təlim mərhələsində Avropa Məhkəməsinin, o cümlədən Konvensiyaya dair 3 ayrıca mövzu 20 günlük icbari tədris proqramına əlavə olunub. Həmin dərslər isə Vəkillər Kollegiyasının konvensiya üzrə sertifikatlı vəkilləri tərəfindən keçirilib. İcbari təlimlərlə bərabər, Avropa Şurası Vəkillər Kollegiyası, habelə Ədliyyə Akademiyası ilə birgə Konvensiyanın müxtəlif maddələri üzrə davamlı tədris tədbirləri də həyata keçirilir və vəkillərimiz həmin tədbirlərdə xüsusi entuziazmla iştirak edirlər.


Sonra "Avropa İnsan Hüquqları Konvensiyası hüququ" kitabının təqdimatı olub.


Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə hakimi Lətif Hüseynov konfransda "Mülkiyyət hüququnun əhatə dairəsi" mövzusunda məruzə ilə çıxış edib.


Sonra müzakirələr aparılıb. (AZƏRTAC)

Xəbər lenti