Müdafiə naziri,
general-polkovnik Zakir Həsənov sentyabrın 13-də Azərbaycanda rəsmi
səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb,
məzarı üzərinə gül dəstələri düzülüb.
Qonaqlar həmçinin Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları
üzərinə gül dəstələri, "Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra
Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin
müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin
dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı”
imzalanıb.
İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsindən
danışan general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin
inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin
edilməsində mühüm rol oynadığını qeyd edib.
Azərbaycanın müdafiə
naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı
ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və
qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu
diqqətə çatdırıb.
İki xalq arasında mövcud olan tarixi kökləri və
əlaqələri yüksək dəyərləndirən A.Liberman Azərbaycanla İsrail arasında
münasibətlərin hazırkı məmnunluğunu bildirərək bu cür görüşlərin
keçirilməsinin zəruriliyini xüsusi qeyd edib.
Görüşdə regional
təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə
əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər
səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər
məsələlər müzakirə olunub.