"Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı cənab prezident xüsusi tapşırıq verib”. XəzərXəbər xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri Samir Nuriyev deyib. Komitə sədri bildirib ki, baş planın
hazırlanması üçün beynəlxalq məsləhtçi "The Boston Consulting Group"
("Boston Konsaltinq Qrup") şirkəti cəlb edilib:
"Həmin şirkətlə birgə işi 2 mərhələyə bölmüşük. Birinci mərhələdə Bakı
şəhərinin Azərbaycan iqtisadiyyatının prioritetlərinə uyğun inkişaf
olunması, eyni zamanda dünya səviyyəsində olan trendlər nəzərə alınır.
Baş plan şəhərin əsas şəhərsalma sənədidir. Eyni zamanda bu, iqtisadi,
sosial, mədəni və bütün sahələri əhatə edir. Əsas məqsədimiz ondan
ibarətdir ki, şəhər elə inkişaf etsin ki, onun dayanıqlığı, sistemli
inkişafı burada yaşayan insanlar üçün tam rahat yaşayış məkanına
çevrilməklə, eyni zamanda iş yerlərinin açılması, onların asudə vaxtının
keçirilməsi üçün hər cür şərait yaradılsın. Tarixi abidələrin qorunması
baş planın əsas istiqamətlərindən biridir.
Ona görə bütün
istiqamətlər üzrə aidiyyatı dövlət orqanları, eyni zamanda iş adamları,
qeyri-hökumət təşkilatları ilə görüşlər keçirilir. Bununla bağlı fikir
mübadiləsi aparılır. Hər bir istiqamət üzrə təhlil aparılır. Həmin
təhlillər nəticəsində konseptual istiqamətlər müəyyənləşəndən sonra
texniki məsələlərlə məşğul olacayıq. Növbəti mərhələdə bu sahədə
ixtisaslaşmış, dünya səviyyəsində həm şəhərsalma, həm də memarlıq üzrə
tanınmış şirkətlər cəlb olunacaq. Həmçinin yerli mütəxəssisləri cəlb
etməklə, bu plan elə səviyyədə hazırlanacaq ki, Bakının inkişafına təkan verəcək.
Eyni zamanda Bakıya təşrif buyurmuş turistlər, qonaqlar bu gün olduğu kimi Bakıdan zövq alacaqlar. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakıya
gələn qonaqlar buradan zövq alırlar. Biz fəxr edirik ki, belə
paytaxtımız var. Eyni zamanda bunun daha sistemli, gələcək 20 ilə
inkişafının dayanıqlığını təmin etmək üçün plan üzərində çalışmağa
başlamışıq".