Ünvanlı dövlət sosial
yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların
qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması
məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri
ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası
olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin
sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm
addımlar atılır: "Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında
müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın,
ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin
2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident
sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan
qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam
təmin edilməsini tapşırıb".
S.Babayev qeyd edib ki, qanunsuz
şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla
təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan,
lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının
təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır.
Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən
mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib
addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna
baxılması üçün müraciət edərkən bəzi hallarda "sövdələşmə”lər, sosial
yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə
qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı
dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə
sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin
maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində
ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması,
subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı
vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan
araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi
müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.
Nazir
bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha
şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi
maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər
şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin
e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.
Hazırda
54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin
edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta
hesabla ayda 178 manat sosial yardım ödənilir.
İşçi Qrupu
tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə
yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb.
Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas
kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr,
3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.)
aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli
insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına
cəlb olunması istiqamətində işlər aparılır.
S.Babayev diqqətə
çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron
sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə
elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57
min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib.
32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin
maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və
aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə
sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial
yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra
ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri
sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə
gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq
mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi,
ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.
Nazir
sosial yardımın təyinatı zamanı informasiya ehtiyatlarından və
sistemlərindən əldə olunan məlumatların dəqiqliyinin və dolğunluğunun
təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına məktublar
hazırlandığını, ailənin maddi-məişət şəraitinin müayinəsini həyata
keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün
indikatorların müəyyən olunması istiqamətində işlərin aparıldığını da
qeyd edib. O eləcə də sosial yardımın alınması üçün müraciət edən
ailələrin qərar qəbuletmə prosesində digər sosial proqramlara cəlb
edilməsi istiqamətində intensiv işlərin aparılmalı olduğunu bildirib.
İclasda
işçi qrupunun gördüyü işlər, hazırlanan yeni təkliflər müzakirə olunub,
qısamüddətli və ortamüddətli dövr üçün görüləcək tədbirlər müəyyən
olunub, işçi qrupuna müvafiq tapşırıqlar verilib.