Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi Azərbaycanla Avropa İttifaqı
arasında "Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasına dair
bəyanat yayıb. XəzərXəbər xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdədir.
Brüsselə səfər çərçivəsində Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının mənzil-qərargahında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk görüşdülər və görüş əsnasında Azərbaycan və Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi apardılar.
Prezident İlham Əliyev və Prezident Donald Tuskun müşayiəti altında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Avropa
İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali
nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Federika Moqerini
tərəfindən Avropa İttifaqı və Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədi paraflandı.
Tərəfdaşlıq Prioritetləri sənədinin 1-ci bəndində təsbit olunduğu kimi Avropa
İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin
bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı,
müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər
əsasında Avropa
İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi
məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar. Sənəddə
qeyd olunduğu kimi, Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illəri əhatə
edir və tərəfdaşlığın bərabərhüquqlu və qarşılıqlı xarakter daşıdığını
özündə əks etdirir.
Sənəddə həmçinin, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti və geniş iqtisadi islahatlar proqramı, Avropa
İttifaqının həm neft, həm də qeyri-neft sektoru daxil olmaqla ölkəmizə
qoyulan birbaşa xarici sərmayələrin yarısına pay sahibi olaraq əsas
investisiya tərəfdaş olması qeyd olunur. Azərbaycan və Avropa
İttifaqının birbaşa enerji və nəqliyyat uzlaşmaları yaratmaq kimi birgə
strateji məqsədlərini nəzərə alaraq, Tərəfdaşlıq Prioritetləri sənədi
Azərbaycanın strateji enerji tərəfdaşı rolunu, coğrafi mövqeyinə görə
təbii nəqliyyat qovşağı olaraq bağlantıları genişləndirmək, ticarət və
logistikanı inkişaf etdirmək və regionda Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat layihələrini inkişaf etdirmək kimi imkanlar təqdim etdiyi
vurğulanır. Cənub Qaz dəhlizinin yekunlaşması və vaxtında Azərbaycan
qazının Avropa
bazarlarına çatdırılması da sənəddə əsas prioritet istiqamətlər kimi
təsbit olunub. Tərəfdaşlıq Prioritetləri yaxşı idarəçilik, mobillik və
insanlararası əlaqələr, mədəniyyətlərarası dialoq, humanitar və təhsil
və digər qarşılıqlı maraq doğuran əsas sahələrdə əməkdaşlığı ehtiva
edir.
Prezident İlham Əliyevin 2017-ci ildə Avropa İttifaqına səfəri və onun ardınca Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığında yeni səhifə açıb. Tərəfdaşlıq Prioritetləri,
"20 Deliverables for 2020” və tərəfdaşlıq sazişinin tezliklə
yekunlaşdırılması ilə digər layihələr Avropa
İttifaqı və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da
inkişafı üçün mühüm zəmin və hərtərəfli çərçivə yaradır.
Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunduğu kimi, Avropa
İttifaqı tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və
dəstəyin ifadə olunmasını təqdir edirik.
Beynəlxalq hüququn norma
və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi,
ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və
dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və
təhlükəsizliyi şərtləndirən vacib amildir".