Azərbaycan Prezidenti İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb. XəzərXəbər-in
xəbərinə görə, dəyişikliklə son üç il ərzində iki dəfə və ya daha çox
inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana
gəlmələri ilə bağlı qadağa aradan qaldıldırılıb.
Məcəllənin
16-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasına gəlişi ilə bağlı qadağalar və məhdudiyyətlər) maddəsinə
edilən yeni bəndə əsasən, bu məcəllənin 16.1.8-ci (Şəxs miqrasiya
qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha
çox inzibati məsuliyyətə cəlb olunduqda) maddəsində nəzərdə tutulan
şəxslər cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onların
Azərbaycana gəlməsi ilə bağlı qadağa götürülüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması müddəti də dəyişdirilib.
Məcəllənin
21-ci (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə edilən
dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata
alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan,
rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). İndiyədək bu
müddət 10 gün olub.