Gəncədə bir qrup
şəxsin qanunsuz hərəkətlərinin qarşısını alarkən xidməti vəzifələrini
yerinə yetirən zaman radikal ünsürlərin kəsici-deşici alətləri ilə qətlə
yetirilən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis
müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis
İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovla vida
mərasimi keçirilib. XəzərXəbər xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin binasının qarşısında
keçirilən vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov,
nazirliyin digər yüksək vəzifəli şəxsləri, şəhər ictimaiyyətinin
nümayəndələri və mərhumun yaxınları iştirak ediblər. Şəhid polislər
Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd
edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd
göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini
yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum
etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş
tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə
respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Davam
etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti
törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il
təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə
görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il
təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib, onların tutulması
üçün tərəfimizdən intensiv iş aparılır.