Xəzər Xəbər

Ali Məclisin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb

Gündəm | 17:29 • 13 İyun 2018
Ali Məclisin Sədri Moldovanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib.

Səmimi qəbula görə minnətdarlıq edən George Leuka Naxçıvanın tarixi və müasir inkişafı haqqında məlumata malik olduğunu bildirib. Qonaq muxtar respublikaya səfərinin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını və bu sahədə səylərini əsirgəməyəcəyini qeyd edib.

Ali Məclisin Sədri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərdən, muxtar respublikada ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlərdən danışıb. Naxçıvan Muxtar Respublikası ilə Moldova arasında əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdıran Ali Məclisin Sədri iqtisadi-ticarət, kənd təsərrüfatı, sənaye, turizm və təhsil sahələrində, eləcə də iş adamları arasında qarşılıqlı əlaqələrin inkişafı üçün potensialın olduğunu qeyd edib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti