Xəzər Xəbər

“Əminəm ki, dünya çempionatı uğurla keçəcək” İlham Əliyev

Gündəm | 15:54 • 13 İyun 2018
“Əminəm ki, dünya çempionatı uğurla keçəcək”
Xəbər verdiyimiz kimi, bu gün Moskvada görüşən Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin ölkələrimiz arasındakı iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıblar.


XəzərXəbər xəbər verir ki, Prezident İlham Əliyev rusiyalı həmkarını 12 iyun Rusiya Dövlət Günü və futbol üzrə dünya çempionatına hazırlığın uğurla başa çatması münasibətilə təbrik edib.


"Bu, dünyanın başlıca idman hadisəsidir. Əminəm ki, çempionatın özü də uğurla keçəcək, bütün qonaqlar məmnun qalacaq”, – deyə İlham Əliyev bildirib.

Ölkə başçısı, həmçinin ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu və Putinlə tez-tez görüşdüyünü vurğulayaraq qeyd edib ki, siyasi sahədə Rusiya və Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur.

Prezident İlham Əliyev gündəlikdə iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planların da olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. Ölkə başçısı iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.

Xəbər lenti