İyunun 1-dən bu günə qədər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə ikinci köç zamanı 60-a yaxın ailə köçürülüb. Bu barədə XəzərXəbər-ə Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra
nümayəndəsi Xanlar Zeynalov məlumat verib. Onun sözlərinə görə, hər gün
3-4 ailə kəndə qayıdır.
"Proses davam edir, hər gün 3 və ya 4 ailə evlərinə yerləşdirilir. Köçürülən ailələr əsasən Bakıdan və Biləsuvardan
gələnlərdir. Uşaqları dərsə gedən valideynlər dərs ilinin başa
çatmasını və imtahanları gözləyirlər. Bilsəvur rayonunda məskunlaşan
məcburi köçkünlər isə əkin sahələrində arpa, buğda biçini ilə məşğul
olduğu üçün hələ gəlməyiblər. Onlar da yaxın zamanlarda gələcəklər”, -
deyə icra nümayəndəsi bildirib.
Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı
kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti
mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının,
inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt
binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi
aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i
ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10
hektar torpaq sahəsi ayrılıb.