Azərxalça” Açıq
Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda,
eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir
Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir.
"Azərxalça” ASC-nin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz
bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır.
Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça
kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika
Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın
nə qədər geniş olduğunu göstərir.
Bu
növ xovsuz xalçalara xalq arasında "şəddə”, "sərəndaz” da deyilir.
Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus
damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların
dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq
ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan
xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın
orijinal bədii göstəricilərindən biridir.
Tədqiqatlar
göstərir ki, dəvə, ana-bala dəvə, dəvə karvanı təsvirləri olan xovlu və
xovsuz xalçalar, xalça məmulatları Naxçıvan bölgəsində daha çox
toxunub. Bu təsvirlər bölgədə yaşayan əhalinin ənənəvi təsərrüfat
həyatını əks etdirir.
Xalça əldə əyrilmiş yundan hazırlanan, təbii boyalarla boyanan iplərlə
toxunub. Hazırda bir şəxsi kolleksiyada qorunan, ölçüsü 307 x 172 olan
xovsuz xalçanın saxlanma vəziyyəti əladır. İlk baxışdan sənət əsəri
təsiri bağışlayan bu qiymətli nümunənin unikallığı həm də odur ki,
140-150 il bundan əvvəl toxunan xovsuz xalçalar nadir hallarda belə
salamat qalır.