Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti
Xidmətinin müfəttişləri Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton
olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər.
Baxış zamanı
məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin
Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub.
Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin
tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC)
toxumları aşkar olunub.
Sirayətlənmiş buğda məhsulunun xüsusi
aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə
birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi
həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən
sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.