Xəbər verdiyimiz kimi,
Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə
verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
XəzərXəbər Prezident İlham Əliyevin TANAP-ın açılış mərasimindəki çıxışının tam mətnini oxuculara təqdim edir:
- Hörmətli prezidentlər.
Xanımlar və cənablar.
İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident
Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük
gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz
Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim
gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş
etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu
qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan
birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün,
bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.
Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP
tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə
yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir.
Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak
edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP
kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan
liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla
birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik.
Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə
həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət,
güclü iradə və bizim qardaşlığımız dayanır.
Azərbaycan qazının Avropa
qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox
müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar
olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə
və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli
sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan
və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü
görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər
ərzində böyük işlər gördük. TANAP
layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir
işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP
bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün
əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış
mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda
təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir.
"Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2
trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP
və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP
da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də
tamamlanacaq və beləliklə, Avropanın
40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi
olan "Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət
bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.
"Cənub
Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi
isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz
Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji
resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan
qazı yeni yollarla Türkiyəyə və Avropa
bazarlarına çıxarılacaqdır. "Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də
yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji
şaxələndirilməsi məsələsinə xidmət göstərir.
Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın
səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu
işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm
ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə
bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi
formatını təşkil edir. Əgər işimizin əvvəlində - 2000-ci illərin
əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı
yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak
edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə
iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.
Bir
daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü
ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur.
Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız
üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin
xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi
ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə
Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox
sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara
çatacaqdır.
Bu gözəl hadisə münasibətilə sizi, xalqlarımızı, bizim bütün dostlarımızı ürəkdən təbrik etmək istəyirəm, TANAP-a yaxşı yol arzulayıram. Sağ olun.