Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilmiş
birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən
gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən,
qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən
500.000 ədəd saxta aksiz markası aşkar edilərək götürülüb.
DTX-nın İctimai əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını
sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta
aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan
Respublikası vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan
Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.
Başlanılmış
cinayət işi üzrə araşdırmalar davam edir. Qeyd olunub ki, Azərbaycan
Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd
əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.