Müdafiə naziri
general-polkovnik Zakir Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəisi
general-mayor Füzuli Salahov, Türkiyə Respublikası Quru Qoşunları
Məktəbinin rəisi briqada generalı İsmayıl Güzeller və Gürcüstan Milli
Müdafiə Akademiyasının rektoru polkovnik Zaza Caparidze ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, cari il martın 31-də Giresun şəhərində
Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalan müdafiə sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən hər üç ölkənin hərbi
təhsil müəssisələri rəhbərlərinin Bakıda
keçirilən görüşü çərçivəsində aparılan müzakirələrin, təcrübə
mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən Müdafiə naziri bu cür
tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
General-polkovnik Z.Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri rəhbərlərinin Bakıdakı tədbirinin hər üç ölkənin Müdafiə nazirləri və Silahlı Qüvvələri
Baş Qərargah rəislərinin bu günədək keçirdikləri görüşlərin davamı kimi
qiymətləndirib, bu əməkdaşlığın regionda sülhün və təhlükəsizliyin
təmin edilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Tərəflər,
həmçinin hər üç ölkənin hərbi təhsil müəssisələri arasında kursantların
qarşılıqlı təhsil almaları, birgə təlimlərin, idman, bilik yarışlarının
keçirilməsi və bir sıra digər məsələləri müzakirə ediblər.
Görüşün
təşkilinə və qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova
minnətdarlıqlarını ifadə edən məktəb rəhbərləri də öz növbəsində Bakıda
aparılan üçtərəfli səmərəli müzakirələrin təmsil etdikləri ali hərbi
təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına, birgə
fəaliyyətlərin həyata keçirilməsi işinə mühüm töhfələr verəcəyinə
əminliklərini bildiriblər.