Azərbaycan hazırda
Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə ciddi məşğuldur.
Azərbaycan ərazisində bu layihə ilə bağlı bütün işlər görülüb. Biz bu
layihənin tam başa çatması üçün böyük maliyyə vəsaiti ayırmışıq. Ümid
edirəm ki, gələcək üç il ərzində bu layihə tam istifadəyə veriləcəkdir.
Hər halda planımız bundan ibarətdir.
XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdə deyib. Dövlət başçısı deyib ki, belə olan
halda Naxçıvan dəmir yolu ilə Azərbaycanın əsas hissəsi ilə birləşəcək
və beləliklə, blokadadan, mühasirədən canını qurtaracaqdır.
"Yəni,
bu mühüm işlərin görülməsi bir daha onu göstərir ki, Naxçıvanın çox
böyük potensialı var. Bir daha demək istəyirəm ki, burada görülən işlər
çox böyük qiymətə layiqdir".
Prezident qeyd edib ki, bu il Naxçıvan bütün İslam dünyasında artıq özünü göstərəcək: "Çünki bu il Naxçıvan "İslam Mədəniyyətinin Paytaxtı” kimi şərəfli adı daşıyır. Bir neçə il bundan əvvəl Bakı
bu ada layiq görülmüşdür və biz o vaxt ISESCO-ya müraciət etmişdik ki,
biz istəyirik ikinci Azərbaycan şəhəri – məhz Naxçıvan şəhəri bu ada
layiq görülsün. Çünki Naxçıvan buna layiqdir. Bilirəm ki, bu gözəl
hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar
gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl
təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var - bu məkanın adı Naxçıvandır".