Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mayın 16-da
Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində
Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə tanış olub.
Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə
ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində
qaldırılması, şimal və şimal-qərb sərhədlərimizdə ilkin zəruri
infrastrukturların yaradılmasından tutmuş Dövlət Sərhəd Xidmətinin təşkilinə qədər bütün proseslər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin
Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarların
nəticəsində Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olan
ölkəyə çevrildi. Müstəqil dövlətimizin sərhədlərinin etibarlı
qorunmasının yüksək səviyyədə təşkili sonrakı dövrdə də prioritet oldu.
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunun əsas istiqamətlərindən olan Sərhəd Qoşunlarını da dövlət qayğısı ilə əhatə etdi.
Ali Baş Komandanın ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin
inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və
qayğının əyani təzahürünə çevrildi. Təsadüfi deyil ki, son illərdə Dövlət Sərhəd Xidmətinin
fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Xidmətin
maddi-texniki bazasının gücləndirilməsi, yeni sərhəd dəstələri və
zastavalarında müasir şəraitin yaradılması əlbəttə ki, Sərhəd
Qoşunlarının inkişafına göstərilən qayğının bariz nümunəsidir.
XəzərXəbər xəbər verir ki, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri Asəf Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Bildirildi
ki, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsinin qərargah və yataqxana
binası üç mərtəbədən ibarətdir. Binada rabitə, xidmət, silah, yataq
otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın ikinci
mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər
yataqxanası və 4 yerlik zabit yataqxanası yerləşir. Burada ərzaq
mağazası və əsgərlər üçün əlavə ləvazimatların satışı dükanı da
hərbçilərə xidmət göstərəcək. Binada, həmçinin ikiotaqlı 4 mənzil də
var.
Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin
təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və
sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində
qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda
sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri
tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət,
sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.
Zastavanın
texniki binasında əsgərlər üçün müasir səviyyədə hamam və camaşırxana,
ərzaq, əşya və silah anbarları, avtomobillərin saxlanması üçün qaraj da
yaradılıb. Kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12
yerlik tövlə binası tikilib. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq
işləri aparılıb, yaşıllıqlar salınıb. Burada hərbçilərin idmanla məşğul
olmaları üçün hər cür şərait yaradılıb.