Xəzər Xəbər

Şahin Mustafayev İranın Prezident Aparatının rəhbəri ilə görüşüb

Gündəm | 18:14 • 14 Mart 2018
Şahin Mustafayev İranın Prezident Aparatının rəhbəri ilə görüşüb

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri zamanı Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşüb.


AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinin İrana səfərindən məmnunluq ifadə edilib, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə müsbət töhfə verəcəyi vurğulanıb, Azərbaycan-İran iqtisadi əlaqələrinə və İran Prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb, sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat-tranzit, səhiyyə və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.


Vurğulanıb ki, Azərbaycan və İran prezidentləri uğurlu xarici siyasət apararaq regionda dostluğu və mehriban qonşuluğu əsas tuturlar. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrin reallaşmasında fəal iştirak edir və bu layihələr ölkələrimizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, digər ölkələrə də fayda verəcək.


Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov da iştirak ediblər.

Xəbər lenti