Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
XəzərXəbər xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin eyni tarixi, mədəni, dini,
mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında
inkişaf etdiyini deyib. Parlamentlərarası əlaqələrimiz də durmadan
inkişaf edir, qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq
təşkilatlarda sıx əməkdaşlıq edirlər.
Milli Məclisin
sədri deyib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya
dövlətləri üçün bir nümunədir. Heç bir qüvvə bu dostluğu sarsıda bilməz.
Yüksək səviyyəli siyasi dialoq iqtisadi əməkdaşlığa da töhfəsini verir.
İndiyədək iki ölkə arasında 210-dan çox sənəd imzalanıb. Bütün bunlar
dövlətlərarası münasibətlərə müsbət təsir göstərən amillərdir.
Baş
nazir Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq
əlaqələrindən danışıb. O qeyd edib ki, Azərbaycanla Türkiyə qlobal
layihələrin reallaşmasında birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP
və TAP layihələri buna parlaq misaldır. Azərbaycanı və Türkiyəni sağlam
təməllər üzərində elə ortaq dəyərlər birləşdirir ki, heç kim
dostluğumuza, qardaşlığımıza zərər yetirə bilməz.