Xəzər Xəbər

Səfirlik: ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib

Gündəm | 18:21 • 13 Mart 2018
Səfirlik: ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib

"ABŞ-ın mövqeyi dəyişməz olaraq qalır: Birləşmiş Ştatlar və digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağdakı de-fakto rejimi tanımır".

Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri” Bako Saakyanın Birləşmiş Ştatlara səfərini və ABŞ Konqresində tədbirdə iştirak etməsini şərh edərkən bildiriblər.

Səfirliyin məlumatında qeyd olunur: "ABŞ ATƏT-in Minsk qrupu prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının prinsiplərinə (güc tətbiq olunmaması, ərazi bütövlüyünə hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etməsi) əsasən danışıqlar yolu ilə nizamlanması üzrə səyləri dəstəkləyəcək”.

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Xəbər lenti