Xəzər Xəbər

Avronest PA-da erməni təxribatının qarşısı alınıb

Gündəm | 17:51 • 13 Fevral 2018
Avronest PA-da erməni təxribatının qarşısı alınıb

Avronest Parlament Assambleyasının (PA) komitə iclasında erməni təxribatının qarşısı alınıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, sosial məsələlər komitəsinin fevralın 13-də Tbilisidə keçirilən iclasında Gürcüstanın iqtisadi inkişafı, investisiya imkanları barədə məruzə dinlənilib. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ölkəsinə ən çox investisiya yatıran ölkələr sırasında Azərbaycanın birinci yerdə olduğunu söyləyib.


Nazir müavinin bu çıxışı erməni deputatlar tərəfindən qısqanclıqla qarşılanıb və onlar Azərbaycan haqqında həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymağa, eləcə də Azərbaycan-Gürcüstan dostluğuna zərər vurmağa yönəlmiş çıxışlara səy göstəriblər.


Azərbaycan nümayəndə heyətini üzvü, sosial komitənin həmsədri Məlahət İbrahimqızı erməni deputatın söylədiklərinin doğru olmadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan demokratiya və söz azadlığının təmin olunması, insan hüquqlarının ən yüksək səviyyədə qorunması, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar çox mütərəqqi qanunlar qəbul edib. Bunu beynəlxalq təşkilatlar da təsdiq edirlər. Azərbaycan və Gürcüstan regionda Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri kimi çox mühüm layihələr həyata keçirirlər. Bu layihələr Avropanın inkişafı və təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir.


M.İbrahimqızı deyib: "Əfsuslar olsun ki, insanları cəhalət, aclıq və səfalət içində yaşayan, başqa dövlətlərin maraqlarına xidmət edən Ermənistanın nümayəndə heyəti bu reallıqları görə bilmir. Hamıya məlumdur ki, Ermənistan işğalçı və terroru dəstəkləyən dövlətdir. Yerevanda 1999-cu ildə törədilən terror aktı, Azərbaycan torpaqlarını işğaldan azad etməməsi faktları bunu bir daha sübut edir. Ermənistan nümayəndə heyəti bunları ört-basdır etməyə, beynəlxalq ictimaiyyətin diqqətini öz problemlərindən yayındırmağa, eyni zamanda, Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmağa çalışırlar. Düşünürəm ki, bu yolverilməzdir”.


M.İbrahimqızının çıxışı iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilib. Erməni deputatlar isə ikinci çıxışdan imtina ediblər.

Xəbər lenti