"Ümummilli lider Heydər
Əliyevin "Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Azərbaycan
Milli Elmlər Akademiyası dirçəliş dövrünü yaşayır”.
AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov "Azərsun Holdinq” şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi diskdəki "Ön söz”də bildirib.
Yaqub Mahmudov qeyd edib: "2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandı. Yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti
irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların
hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ
verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu,
himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və
mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk
müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar
bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına
başlandı, humanist və sülhsevər siyasət yürüdüldü”.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri idi: "Azərbaycan Xalq Cümhuriyyəti
cəmi 23 ay ömür sürdü. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının
hərbi müdaxiləsi nəticəsində süqut etdi. Xalqımız müstəqil dövlətini öz
varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin
əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə
yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq
Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin
Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı,
müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin
yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may günü ölkəmizdə
Respublika Günü kimi qeyd olunur”.
"Ölkə başçısının tapşırığı ilə Azərbaycan tarixi yenidən yazılır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin
tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif
ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri
ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər,
o cümlədən ikicildlik ensiklopediya nəşr edilib”, - deyə akademik
bildirib.
Qeyd edək ki, "Azərsun Holdinq” şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin
yanvar ayı Məhəmməd Əmin Rəsulzadə, fevral ayı Fətəli xan Xoyski, mart
ayı Əlimərdan bəy Topçubaşov, aprel ayı Nəsib bəy Yusifbəyli, may ayı
Həsən bəy Ağayev, iyun ayı Məmməd Yusif Cəfərov, iyul ayı Xəlil bəy
Xasməmmədov, avqust ayı Səməd bəy Mehmandarov, sentyabr ayı Əliağa
Şıxlinski, oktyabr ayı Xosrov bəy Sultanov, noyabr ayı Aslan bəy
Səfikürdski, dekabr ayı isə Üzeyir bəy Hacıbəyova həsr olunub.