Xəzər Xəbər

Qonşu ölkələrdə ÖLÜMCÜL VİRUS: Azərbaycan təhlükədədirmi? - RƏSMİ

Gündəm | 14:32 • 12 Yanvar 2018
Qonşu ölkələrdə ÖLÜMCÜL VİRUS:
Ukraynanın iri şəhərlərində qızılca xəstəliyi yayılıb. Təkcə son 11 gündə paytaxt Kiyevdə 66 nəfər qızılca xəstəliyi ilə bağlı xəstəxanaya müraciət edib ki, onlardan 55-i uşaqdır. Belqorod-Dnestrov rayonunda 5 yaşlı uşaq bu xəstəlikdən ölüb. Odur ki, artıq kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılıb.

Tibb Universitetinin Onkologiya kafedrasının əməkdaşı, tanınmış həkim Vasif İsmayıl isə ölkəmizdə uşaqların peyvəndlənməsində valideynlərin marağının az olmasının qızılca təhlükəsinin Azərbaycan üçün də aktual olduğunu deyib.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva açıqlamasında bildirib ki, ölkəmizdə illərdir qızılca qeydə alınmır və belə bir təhlükə yoxdur:

"2013-cü ilin iyul ayından sonra Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır. Bəzən allergik səpgilərlə bağlı müraciətlər olur, bu zaman müayinəsi aparılır və qızılca aşkarlanmır. Ölkəmizdə həm qızılca, həm də məxmərək xəstələliklərinin qeydə alınmaması Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib. Azərbaycanda profilaktiki tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi səbəbindən nəinki yerli, hətta gətirilmə qızılca hadisəsinin qeydə alınmamasına dair sertifikat verilib. Vəziyyət tam normaldır”.

A.Əliyeva bildirib ki, Ukrayna, Rumıniya kimi ölkələrdə bir neçə ildir qızılca xəstəliyi qeydə alınır:

"Bunun da səbəbi peyvəndləmə işinin zəif olmasıdır. 2006-cı ildə Azərbaycanda qızılcaya qarşı böyük kampaniya aparıldı. 35 yaşa qədər bütün əhali peyvəndləndi. Həmin prosesdən 10 ildən çox vaxt keçib, o zaman 35 yaşında olan indi 47 yaşındadır. Bu gün də işgüzar miqrasiyanı əsasən gənc və orta yaş qrupundan olanlar edir ki, onlar da peyvəndləmə kampaniyasında iştirak etdiklərindən immunitetləri var. 2016-cı ilə qədər miqrasiya edən əhali arasında da peyvəndləmə işləri aparıldı. Yəni əhalinin immun sistemi yüksəldilib. Bundan başqa, hər il planlı şəkildə uşaqların 1 və 6 yaşında vaksinasiya və revaksinasiyası həyata keçirilir. Bununla yanaşı 2014-2015-ci ildə əlavə immunlaşdırma tədbirləri görülüb. Ölkəmizdə əhalinin qızılcaya qarşı peyvəndlənmə vəziyyəti yüksək səviyyədədir. Hətta peyvənd yaşlı uşaqların 98 faizi bu prosesə cəlb edilir. Bütün bu tədbirlərlə qızılcaya qarşı profilaktiki tədbirləri gücləndiririk”.

A.Əliyeva onu da əlavə edib ki, əgər kənardan gələn şəxslər qızılca xəstəliyini ölkəmizə gətirsə belə, onlar vaxtında aşkarlanır:

"Çünki ölkəyə daxil olan səpgili, yüksək hərarətli şəxslərdən laborator nümunələr götürülüb, Moskvada müayinə edilir. Ümumiyyətlə, xarici vətəndaşların müayinəsinə daha diqqətli yanaşılır. Bu vaxta qədər qızılca və ya məxmərək diaqnozlu xəstə Azərbaycana gəlməyib”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qızılcadan ildə ortalama 150 min insan vəfat edir, onların əksəriyyəti 5 yaşına qədər uşaqlardır.

Statistikaya əsasən, qızılca xəstəliyinə tutulmuş beş yaşına qədər hər 10 uşaqdan biri həyatını itirir./publika.az

Xəbər lenti